şənbə 3 oktyabr 2026 - 15:34
İbn Teymiyyənin əsərlərinin araşdırılmasına nə səbəb oldu?

Hövzə | Ayətullah Təbəsi şəhid Ayətullah Xamenei ilə görüşü zamanı yaşananları xatırlayaraq bildirib: Görüşlərin birində İranda keçirilən sərgilərdə İbn Teymiyyənin əsərlərinin nümayiş və satışının dayandırılması ilə bağlı müraciətin irəli sürülməsinə və bu məsələnin araşdırılması üçün göstəriş verilməsinə zəmin yarandı. İllər sonra isə həmin göstərişin nəticələrini Beyrutdakı kitab mağazalarından birində öz gözlərimlə gördüm.

Qum Elmi Hövzəsinin ali dini dərslərinin müəllimi və Qum Elmi Hövzəsinin Müəllimlər Cəmiyyətinin üzvü Ayətullah Nəcməddin Təbəsi Qumda Hövzə Xəbər Agentliyinin müxbirinə verdiyi müsahibədə şəhid Ayətullah Seyid Əli Xamenei (r) ilə bir neçə görüşünü xatırladaraq bildirib: Bu görüşlər zamanı mən onu başdan-başa təvazökarlıq, ədəb, əxlaq, mərifət və xalqla xoş münasibət nümunəsi kimi gördüm. Onun hər kəsə xüsusilə də tələbələrə göstərdiyi hörmət heç vaxt yaddaşımdan silinməyəcək.

İbn Teymiyyənin əsərlərinin araşdırılmasına nə səbəb oldu?

Elmi görüşdə şəhid Ayətullah Xameneinin təvazökarlığına dair bir xatirə

O, İmam Həsən Əsgərinin (ə) şəhadətinin ildönümü ilə eyni vaxta təsadüf edən görüşlərdən birinə toxunaraq əlavə edib: Həmin görüşdə onun ofisində təxminən 200-300 nəfərin iştirakı ilə özəl bir toplantı keçirildi və mən də bu toplantıda təxminən 40 dəqiqə çıxış etdim. Çıxış başa çatdıqdan sonra şəhid Ayətullah Seyid Əli Xamenei səsləndirilən mövzuların bir hissəsi haqqında danışdı və biz təxminən 40-50 dəqiqə ərzində də söhbət etdik. Daha sonra İbn Abbas və digər məsələlər barədə müzakirə apardıq. Ardınca o, «Ən-Nəfiy vət-Təğrib» kitabını xatırladaraq buyurdu ki, bu yaxşı kitabdır, fiqh və tarixi məzmuna malikdir və mən onu əvvəldən axıra qədər oxumuşam.

Şəhid Ayətullah Seyid Əli Xamenei vurğuladı ki, bütün məşğuliyyətlərinə və qarşılaşdığı çətinliklərə baxmayaraq, kitabı əvvəldən axıra qədər oxuyub və hətta bir neçə il əvvəl də onu tam şəkildə mütaliə edib.

Qum Elmi hövzəsinin müəllimi davam edərək bildirib: Həmin görüşdə mənim yanımda başqa bir kitab da var idi. Bu kitab xaric fiqh dərslərinin qeydlərinə aid idi və hələ çap olunmamışdı. Onun çap olunmuş nüsxəsi deyil, çap makinasında yığılmış nüsxəsi məndə idi. Kitabı ona göstərdim və Ayətullah Seyid Əli Xamenei də onu mütaliə edib fikir bildirmək üçün məndən götürdü.

«İslamda həbsxana» kitabı və şəhid Ayətullah Xameneinin əsəri dəfələrlə mütaliə etməsi ilə bağlı xatirə

Ayətullah Təbəsi ikinci xatirəsini danışarkən bildirib: Görüşlərdən biri də 1993-cü ilə yəni təxminən 33 il əvvələ təsadüf edir. «İslamda həbsxana» kitabını şəhid Ayətullah Xameneiyə göndərdim. Kitabı göndərdikdən sonra rəhbərliyin ofisinə bildirdim ki, bu əsər barədə onun fikrini bilmək istəyirəm. Bundan sonra ofisdən mənə xəbər verdilər ki, Ayətullah Seyid Əli Xamenei sizinlə görüşmək istəyir və mən onun yanına getdim.

Qum elmi hövzəsinin müəllimi əlavə edib: Həmin gün onunla ilk görüşüm idi. Təxminən 20-30 nəfərin iştirakı ilə bir toplantı keçirildi və müəyyən mərhələdə görüş daha özəl xarakter aldı. O, kitab haqqında mənimlə danışdı.

O, bu söhbətin məzmununa toxunaraq vurğulayıb: Şəhid Ayətullah Seyid Əli Xamenei qeyd etdi ki, bu kitabı əvvəldən axıra qədər dörd və ya beş dəfə mütaliə edib.

Ayətullah Təbəsi kitabın həcminə toxunaraq bildirib: Bu kitab təxminən 700-800 səhifədən ibarət idi və o, kitabı əvvəldən axıra qədər oxuduğunu vurğuladı və onu istinad edilə bilən, diqqətəlayiq bir kitab hesab etdi.

Elmi hövzəsinin ali dərslərinin müəllimi qeyd edib: Sonralar mərhum Ayətullah Yəzdi də cümə namazının birinci xütbəsində bu kitab haqqında danışmışdır. Bundan sonra Ayətullah Yəzdi mənə dedi ki, xütbəni söyləməzdən əvvəl şəhid Ayətullah Xamenei ilə bu kitab barədə oturub məşvərət etmişdim.

O əlavə edib: Ayətullah Yəzdi dedi ki, həmin görüşdə bu kitab haqqında danışılmışdı və bundan sonra kitabda yer alan məsələlər cümə namazının birinci xütbəsində diqqətə çatdırıldı.

İbn Teymiyyənin əsərlərinin yayılmasının qarşısı necə alındı?

Ayətullah Təbəsi həmin görüşün davamına toxunaraq bildirib: Şəhid Ayətullah Xameneinin bu kitaba göstərdiyi diqqət mənim üçün çox dəyərli idi və hiss edirdim ki, gözlədiyim diqqət məhz göstərilmişdir.

O əlavə edib: Daha sonra ona dedim ki, İbn Teymiyyə və onun əsərləri haqqında hətta bəzi sünni alimləri də ona qarşı fikirlər səsləndirib, İbn Teymiyyənin özünü zındıq və dindən çıxmış hesab edirlər. Bununla belə, onunla bağlı əsərlərin bazarda əldə edilməsi və satın alınması üçün şərait yaradılıb və xahiş edirəm göstəriş verəsiniz ki, İbn Teymiyyənin kitablarının yayımının qarşısı alınsın.

O qeyd edib: Şəhid Ayətullah Xamenei soruşdu ki, bu kitablar bazarda satışda var ya yox? Mən isə ərz etdim ki, Mədəniyyət Nazirliyi onları sərgidə nümayiş etdirmək üçün gətirib! O, bu məsələdən çox narahat oldu və cənab Məhəmmədiyə tapşırıq verdi ki, məsələni qeyd edib araşdırsın.

Elmi dəstəyin nəticəsini illər sonra Beyrutda gördüm

Ayətullah Təbəsi davam edərək bildirib: İllər sonra Beyruta getdiyim zaman Dahiə bölgəsindəki kitab mağazalarından birində idim. Orada kitab satıcılarından birinin digərinə İranda keçirilən sərgilərdə İbn Teymiyyənin kitablarının vəziyyəti barədə danışdığını eşitdim. O deyirdi ki, bu il İrandakı sərgilərdə İbn Teymiyyənin kitabları hansısa stenddə yerləşdirilən kimi onlara qarşı tədbir görülür və həmin kitabların satışa çıxarılmasına mane olurlar. Həmin anda öz-özümə dedim: «Şükür olsun Allaha, mənim zəhmətim hədər getməyib». Yəni şəhid Ayətullah Seyid Əli Xameneidən istədiyim dəstək həyata keçirilmişdi.

Son görüşlə bağlı xatirə

Ayətullah Təbəsi sonda şəhid Ayətullah Xamenei ilə son görüşünə toxunaraq bildirib: Həmin görüşdə onun əlindən öpmək istəyəndə mənə icazə vermədi. Mən dedim ki, o seyiddir, Allah Rəsulunun (s) övladıdır, alim və fəqihdir və bütün bu xüsusiyyətlərə malikdir, lakin buna baxmayaraq, əlindən öpməyimə icazə vermədi. Bununla belə, böyük çətinliklə onun qolundan öpə bildim və bunu etdiyim üçün fəxr edirəm.

Qum Elmi Hövzəsinin müəllimi sonda qeyd edib: Bu görüşlərdə mənim üçün ən çox diqqət çəkən məqam şəhid Ayətullah Xameneinin təvazökarlığı, ədəbi, əxlaqı, mərifəti, xalqla xoş münasibəti və hər kəsə, xüsusilə də tələbələrə göstərdiyi hörmət idi.

Xəbərin sonu

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha